"Amaliya Pənahovanın sevgi etirafı" adlı yubiley gecəsi keçirilib

   

"Oradio.az" Atv.az-a istinadən xəbər verir ki,  "Amaliya Pənahovanın sevgi etirafı" adlı yubiley gecəsinin iştirakçıları əvvəlcə foyedə sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

    Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatr və kino sənətində gözəl qadın simalarından biri olan Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazla qalereyasından söz açıb.

    Bildirib ki, A.Pənahovanın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. Onun adı tamaşaçıların yaddaşına yaratdığı obrazlarla əbədi həkk olub. 19 yaşında səhnəyə atılan bir gənc qız ömrünü 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi ümumbəşər rollar Azərbaycan Teatr tarixinə qızıl hərflərlə yazılıb.

    Nazir deyib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır.

    Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Elə bu keyfiyyətləri, yəni gənc aktyor və rejissor kadrlarının yetişdirilməsi sahəsindəki uğurları nəzərə alınaraq, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və burada öz parlaq istedad və bacarığını nümayiş etdirib. O, hazırda universitetin professorudur. Bu səbəbdəndir ki, A.Pənahovanın hazırladığı tamaşalarda və tələbələrlə işlədiyi bədii proqramlarda müasirlik duyumu, tarixilik prinsipi, tamaşaçılara təsir və təlqin gücü yüksəkdir.

    Nazir vurğulayıb ki, Amaliya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb. Sənətkar bu günlərdə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

    Ə.Qarayev ölkə başçısı adından yubilyarı təbrik edərək "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu ona təqdim edib.

    A.Pənahova onun sənətinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Gecədə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları baş idarəsinin incəsənət əlaqələri üzrə koordinatoru Tahsin Murad Dəmirbaş, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları həyatını səhnəyə, sənətə həsr edən gözəl qadın, bacarıqlı aktrisa, əvəzsiz sənətkar kimi onu təbrik edərək, yubilyara xatirə hədiyyələri təqdim ediblər.

    Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak ilə keçirilən gecədə video-çarxların müşayiəti ilə aktrisanın yaradıcılığından söhbət açılıb, sənət dostlarının, vaxtilə səhnədə tərəf-müqabil olduğu insanların ürək sözləri, təbrikləri dinlənilib.

    Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar təqdim etməsi olub. Tədbirdə, həmçinin bir sıra tanınmış müğənnilərin ifaları dinlənilib. İfalar aktrisanın fotoşəkilləri və video götüntüləri ilə müşayiət olunub.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla