"Bir avtobus xalq artistləri idi, Azərbaycanın himnini bilmirdilər"

Semed Semedov

Xalq artisti Səməd Səmədovun Kəlbəcəri Kaliforniya ilə "səhv salması” sənət adamları arasında da birmənalı qarşılanmayıb.
ANS PRESS-in məlumatına görə, Modern.az saytı bununla bağlı sənətçilərin fikrini öyrənib.

Xalq artisti Ağaxan Abdullayevin məsələyə münasibəti qısa olub: "Mən siyasətə qarışan adam deyiləm, sənətkaram”. 

Əməkdar artist Zöhrə Abdullayeva isə onun fikirlərini arzu olaraq dəyərləndirib: "Yəqin Səmədin arzusudur ki, Kəlbəcərdə olsun, torpaqlarımız geri alınsın. Mən belə başa düşürəm. Allah onu arzusuna çatdırsın, tezliklə Kəlbəcərdə istirahət eləsin”. Z. Abdullayeva hesab edir ki, Səməd Səmədov yetərincə məlumatlı adamdır: "O dünənin uşağı deyil ki?! Sadəcə bu onun arzusu olub. Həqiqətən də Kəlbəcər dünyanın dilbər guşələrindən biridir”. 

Tanınmış xanəndə, xalq artisti Mələkxanım Əyyubova isə bildirib ki, xalq artisti fəxri adını daşıyan şəxs belə məsələlərdən xəbərdar olmalıdıır: "Əgər "xalq artisti” adını daşıyırıqsa, belə məsələləri bilmək borcumuzdur. Mən o torpaqları qarış-qarış gəzmişəm. Kiminsə savadı yoxdursa, ona mən cavabdeh deyiləm. Dövlət tədbirlərində, qurultaylarda fikir vermirəm ki, kim oxuyur, kim oxumur. Himn çalınanda özümdən asılı olmayaraq onu başdan ayağa oxuyuram”.

Xanım sənətkar 18 il əvvəl baş vermiş oxşar hadisəni də xatırladıb: "1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmək üçün Kərbəlaya gedirdik. Avtobusun biri nazirliyin nümayəndələri və tanınmış sənət adamları idi. Birdən soruşdular ki, kim himni bilir? Heç kim bilmədi. Ayağa qalxıb himni hamıya bir-bir yazdırdım. Oxudum da. Amma adlarını çəkmək istəmirəm. Bir avtobus xalq artistləri idi. Elə şeylər var ki, mən də bilmirəm, amma öyrənirəm. Belə şeyləri mütləq bilməliyik”. 

Tanınmış müğənni Könül Kərimova əvvəlcə bunu zarafat kimi qələmə verdi: "Bəlkə zarafat edib? Yox belə məsələ ilə zarafat eləmək olmaz. Bu, yaxşı hal deyil. Bunu bilməmək qeyri-mümkündür. Söz tapa bilmirəm. Qarabağ ən ağrılı yerimizdir. Bu məsələdə necə çaşmaq olar? Əgər zarafatdırsa da, yolverilməzdir. Qarabağ hamımızın ağrımızdır
”.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla