Azərbaycanlı aparıcılar müğənnilərə qarşı

Mikrafon


Belə fərqin yaranma səbəblərinə münasibət bildirən aparici  Ülvira Qarayeva Mövqe.az-a açıqlamasında qeyd edir:

"Hər kəs aparıcılıq edə bilməz. Aparıcılıq çox çətin sənətdir. Ola bilər, müğənni çox yaxşı, populyar olsun, amma onda aparıcılıq alınmasın. Mənim yaxın dostum var idi. Müğənni kimi bir nömrə idi. Amma veriliş apardı, şəxsən onda alınmadı. Verilişi uğurlu olmadı, reytinq qazanmadı. Belə şeylər olur. Mən müğənnilərin aparıcılıq etməsinə qarşı deyiləm. Sadəcə deyirəm, kim bu sənətdə bacarıqlıdırsa, onun verilişi ola bilər və uğur da qazanar".

Aparıcı Cavid Gül isə məsələyə belə münasibət bildirir: "Əslində, yaxşı sualdır. Bilirsinizmi, hərənin öz sənəti var və hər kəs də öz işində seçilməyə, sevilməyə çalışmalıdır. Əgər hər hansı müğənni aparıcılığı bacarırsa, onu yalnız alqışlamaq lazımdır. Konkret olaraq onu deyim ki, necə aparıcılar müğənnilik edəndə millət qəbul etmir, eləcə də hər hansı müğənni aparıcılığa başlayanda qəbul olunmur. Hər bir əsl aparıcının söz ehtiyatı, kameraya "oynaması", efirdə səmimiliyi, mövzulara yanaşma tərzi başqa-başqadır. Bu, aparıcıda başqadır, aktyorda və müğənnidə başqa… Sadəcə aparıcılıq və müğənnilik fərqli-fərqli sənətlərdir".

Aparıcı Murad Arif də saytımıza açıqlamasında məsələ ilə bağlı fikirlərini açıqladı:

"Müğənnilərimizin aparıcılıq etməsinə müsbət baxmıram. Ulduz səhnədə mikrofonla parlayar. Oxuması, performansı ilə aktuallığını qoruyub, saxlayar. Əgər o həqiqətən də ulduzdursa… Çox nadir hallarda müğəninin proqramına oturub baxa bilərəm. Məsələn, türk ulduzu Candan Erçetin öz proqramında musiqiçi kimi görünürdü. Veriliş zamanı musiqidən, səsdən, ifadan, repertuardan danışırdı. Savadlı da danışırdı. Mükəmməl təhlillər aparırdı. Bir sənətkarın efirdə sənət dilində danışması həqiqətən də maraqlı idi. Amma bizdə bir çoxu aparıcılıq edir ki, gündəmdə qalsınlar. Bu, acı və təəssüf doğuran görüntüdür. Deməyə sözü olmayan müğənni yalnız mahnı oxusa, kifayət edər. İnanın ki, bu qısqanclıq deyil. Bizim müğənnilərin müğənnilik fəaliyyəti çox passivdir. Bu səbəbdən də, məncə onlar daha çox mahnılarına, konsertlərinə, zövqlərinə fikir versələr, yaxşı olar. Bu zaman, onların veriliş aparmağa nə vaxtları çatar, nə də ki, ehtiyacları olar. Azərbaycanda müğənninin veriliş aparmağı "daha nə edim görəsən?!" məntiqinə söykənir. Məndən soruşan olsaydı, deyərdin ki, "heç nə" etmə. Yalnız mahnı yaz, mahnı oxu, klip çək, konsert ver. Çünki yeni mahnılara ehtiyac hər zaman var. Düşünürəm ki, müğənni üçün veriliş aparmaq lazımsız vaxt itkisidir".

Aparıcı Zaur Nəbioğlu isə bunları qeyd edir: "Hərə öz peşəsində maraqlıdır. Bu gün mən də çıxım mahnı oxuyum. Tamaşaçıya Zaurun oxuduğu mahnı maraqlı olmayacaq. Məsələn, heç kim müğənni Rəhim Rəhimlini aparıcı kimi təqdim etmir, sevmir. Amma halbuki Rəhim neçə illərdir veriliş aparır. Çünki o, müğənniliklə başlayıb və onunla tanınıb. Bundan başqa, Röya veriliş aparanda hamı deyirdi ki, partlayacaq. Amma heç bir partlayış və ya maraq olmadı. Və ya Faiq Ağayev veriliş apardı, heç bir fərqlilik olmadı, verliş də sevilmədi. Məncə, bunu Faiq Ağayev özü də təsdiq edə bilər. Halbuki F. Ağayev kimi savadlı, intellektli insanlar indi çox azdır. Ona görə də söhbət intellektdən, savaddan getmir. Ona qalsa, o qədər savadsız aparıcılar var ki... Müğənnilər müğənnilikdə qazandıqları uğuru, aparıcılıqda heç vaxt qazana bilməzlər. Özlərini olmadıqları kimi göstərirlər. Ona görə də onlarda veriliş alınmır. Əcnəbi müğənnilər veriliş aparanda bəlkə də onlarda bu verilişlər tanınır, sevilir. Amma bizdə qəbul olunmur. Çünki baxışlar fərqlidir. Onlarda hər hansı mövzuya baxış başqa tərzdə olur, biz də isə başqa...".

Aparıcı Zaur onu da qeyd etdi ki, yaxşı müğənni olmaq o demək deyil ki, yaxşı aparıcı ola bilərsən:

"Həmkarınız jurnalist Cavanşir Babəlioğlu yaxşı şou yazar idi. Ancaq o oxumağa başlayandan sonra jurnalistikadan silindi. Profilini dəyişmək heç də həmişə uğur qazandırmır. Mən özüm əvvəl Bülbül adına orta ixtisas məktəbini, sonra isə ADİMU-nin ixtisasca xanəndəliyini bitirmişəm. Ancaq bu gün mən aparıcılıqdan xanəndəliyə keçsəm, mahnı oxusam, mən caamatın gözündən düşərəm".

Aparıcı İdris Cəfərov isə bildirir: "Aparıcı tamaşaçının inandığı, etibar etdiyi, maraqla izlədiyi bir şəxsdir. Onun eyni zamanda dünyagörüşü və yüksək intellekti olmalıdır. Təəssüf ki, bizim müğənnilərdə bu yoxdur. Əksər müğənnilərimiz çox aşağı intellekt sahibləridir və çılpaq fotosessiyalarla, yalnız qalmaqallarla tanınırlar. Məncə, belə aşağı tip insanların aparıcılığı, danışdığı sözlər və ya verə biləcəyi suallar heç kimə maraqlı olmur. Bu səbəbdən də təbii ki, onların apardıqları verilişlərin əksəriyyəti uğursuz olur".




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla