Gənclər əsgərlər ölməsin şüarı ilə paytaxtı lərzəyə gətirdilər

 

Gənclər əsgərlər ölməsin şüarı ilə paytaxtı lərzəyə gətirdilər


Gənclər "Əsgərlər ölməsin" şüarı ilə paytaxtı lərzəyə gətirdi
Total repressiyalara baxmayaraq minlərlə insan küçələrə axışdı; etirazçılarla polis yenə də toqquşdu – nümayişçilərə zor tətbiq edildi, rezin güllələr atıldı, gözyaşardıcı qazdan istifadə olundu, şəhid valideynləri təhqir edildi; çoxlu sayda tutulanlar var..

Martın 10-da Bakıda Facebook vasitəsi ilə təşkilatlanmış gənclər "Əsgər qətllərinə son!" şüarı ilə növbəti etiraz aksiyası keçirdilər. Fəvvarələr meydanında baş tutan nümayiş hakimiyyətin yanaşması baxımdan əvvəlki kütləvi etirazlardan çox fərqləndi. Belə ki, meydanının bütün girişlərinə saatlar öncədən məhdudiyyətlər qoyulmuş, əraziyə saysız-hesabsız polis qüvvələri cəlb olunmuş və onlar aksiyaya qədər tam hazırlıq vəziyyətinə gətirilmişdi. Sanki hakimiyyət qüvvələri aksiyanı tərtibləyən gəncliklə küçə döyüşlərinə hazırlaşırdı.

Və belə də oldu. Aksiya başlar-başlamaz polis qüvvələri hücuma keçdilər və etiraz dalğasını boğmaq üçün dərhal rezin güllələrdən, su şırnaqlarından istifadə elədilər. Aksiyaçılara qarşı qeyri-adekvat güc nümayiş etdirildi, fəalları sürüyərək, döyərək qovmağa və tutmağa başladılar.
Amma mitinqə qatılan və əksəriyyəti gənclər olan minlərlə narazı elektorat təmsilçisi rezin güllələrə, su şırnağına meydan oxudular. Etirazçılar geri çəkilmədilər və şəhərin mərkəzində bir saat ərzində əllərində "Əsgər ölümlərinə son!", "Əsgərimiz ölməsin, ordu morqa dönməsin!", "Səfər Əbiyev rədd ol!", "Ali baş komandan cavab ver bizə!" yazılmış transporantlar tutaraq izdihamlı yürüş etdilər.
Aksiyada qeyri-döyüş vəziyyətində həlak olan əsgərlərin valideynləri, QHT üzvləri, hüquq müdafiəçiləri, müxalifət partiyalarının üzvləri və başqa vətəndaş cəmiyyəti fəalları da iştirak edirdilər. Amma etirazların lokomotivi və aparıcı qüvvəsi gənclik idi və onlar polisin qarşısında geri çəkilmədilər. Çevik polis alayının bəzi əməkdaşları isə övladlarını ordu sıralarında itirmiş valideynlərin əllərindəki portretləri alıb, özlərini isə meydandan uzaqlaşdırırdılar.
Bu zaman etirazçıların toplaşdığı yerlərə gözyaşardıcı qaz buraxılırdı, su şırnağının təzyiqi artırılırdı. Buna baxmayaraq gənclər su püskürən maşının qarşısından çəkilməyib yerə oturdular. Polis təzyiqlərin effektsizliyini görüb tək-tək fəalları "dənləməyə" başladı.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə APA-ya açıqlamasında əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirənləri anaların göz yaşından istifadə etməkdə günahlandırıb: E.Sabiroğlu Müdafiə Nazirliyinin ordudakı hər ölüm faktına görə ciddi araşdırma apardığını və günahkarların cəzalandırıldığını bildirib: "Bəzi qüvvələr yalan informasiyalarla cəmiyyətlə ordu arasında qarşıdurma yaratmaq istəyirlər. Bunu lənətləyirik. Bu aksiyanı keçirmək istəyənlər nə qazandılar, nə əldə etdilər? Bu gəncləri küçəyə çıxaranların niyyəti başqadır".
"Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır".
Bunu da APA-ya YAP-çı deputat Siyavuş Novruzov deyib. O, həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün xaricdən himayə olunmaqda da ittiham edib. YAP rəsmisi bu aksiyanı həm də "insanların faciəsindən istifadə" adlandırıb.
Sonda aksiya zamanı saxlanılanların ilkin siyahısını təqdim edirik:
Müsavat Partiyası: Rauf Məmmədli, Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Azər Sadıqov, Şamil Beydulla və Fərid adlı gənc.
AXCP: Əbülfəz Qurbanlı, Vüsal Bayramov, Elşən Ağayev, Babək Həsənov, Məhəmməd Məcidli, Nüşabə Atakişiyeva (buraxılıb), Nihad Hüseyn, Türkel Əlisoy, Təzəxan Mirələmli, Bəyim Həsənli (buraxılıb), Tofiq Dadaşov, Sabir Məmmədov, Çilənay Seyidi, Renat Nəcəfov, Teymur Kərimov, Zaur Məmmədov və Ramin Musayev.
ADP: Osman Əhmədov, Orxan Babayev. ADP-nin Binəqədi təşkilatının sədri Şəhla Hacıyeva musavat.com-a bildirib ki, onu, Səadət Hüseynova və Ülkər Rzayeva adlı xanımları islanmış vəziyyətdə polis avtobuslarına dolduraraq bölməyə aparıblar. Onlarla bərabər Anar Namazov, Tural Məmmədov, Xətai Qurbanlı, Mehman Mehmanzadə, Hüseyn Eminli də saxlanılıb.
VHP: Əlövsət Əliyev, Səbuhi Quliyev, Türkan Əziz, Sevinc Məmmədova.
REAL: Erkin Qədirli, Zöhrab İsmayıl, Rəsul Cəfərli və Cavid Qurbanov.
"Nida" gənclər təşkilatı: Qurban Ədilov.
"OL" gənclər təşkilatı: Ruslan Əsəd
Saxlanılanlar arasında tanınmış vəkil İntiqam Əliyev və jurnalist Xədicə İsmayılda olub



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla