Meyxanaçı Samirə: "Pis iş görürəm məgər?"

Samire

Baxmayaraq ki, meyxana deməzdən çox-çox qabaq da müğənni kimi tanınırdı, onu toylarda, başqa tədbirlərdə, televiziya ekranlarında da görürdük. O, hətta ANS-in "Toylar kraliçası" layihəsində də iştirak edib, bu layihənin ən yüksək adını da qazanmışdı.

Amma o zamanlar indiki qədər populyar deyildi. Onu meyxana deməyi bu qədər məşhurlaşdırdı. Meyxanadan bəhs olunanda o da yada düşür, işlətdiyi qafiyələr zərb-məsəl kimi işlənir.

Milli.Az xəbər verir ki, meyxanaçı xanım Axşam.Az saytına müsahibə verib. 

- Meyxana və qadın... Adama nəsə qəribə gəlir. Meyxana dediyinizə görə sizi qınayanlar olubmu?

- Niyə qınasınlar ki? Pis iş görürəm məgər?

- Yox, demədim ki, pis iş görürsünüz. Sadəcə, meyxana deyən qadınlara alışmamışıq...

- Əgər pis iş görmürəmsə, bəs onda məni meyxana dediyimə görə niyə qınasınlar?

- Nə vaxt hiss etdiniz ki, təbiniz var, meyxana deyə bilərsiniz?

- Sözsüz ki, meyxanaya marağım olduğundan bunu dəfələrlə öz-özümə də olsa, məşq eləmişdim. Lakin meyxananı ilk dəfə 1993-ci ildə Ağasəlim Çıldağla demişəm. Toylarda da həmişə meyxana demişəm. Düzdür, o vaxt meyxanaya münasibət indiki kimi deyildi. Elə də yaxşı baxmırdılar.

- Deyirlər ki, ilk meyxana deyən xanım sizsiniz...

- Xeyr. İlk meyxana deyən xanım mən deyiləm. Mən davamçıyam. İlk meyxana deyən xanım Anaxanım adlı qadındır. Coratda yaşayır.

- Anaxanım?

- Hə. Anaxanım. O vaxtlar Anaxanıma çox basqılar oldu. Anaxanımın meyxanaları inqilab yaradırdı. Hər kəsin dilində əzbər idi. Toylarda xalq mahnısı kimi dinlədiyimiz mahnıların əksəriyyətinin sözləri və musiqisi həmin Anaxanıma məxsusdur.

- Məsələn, hansı mahnılardır?

- Birinin adını çəkim misal olaraq. Zeynəb xanımın oxuduğu "İnsaf da yaxşı şeydir" mahnısı.

- Dediniz ki, Anaxanıma o vaxt basqılar var idi. O basqılar nədən ibarət idi?

- Anaxanım meyxanalarında haqsız olayları dilinə gətirirdi. Haqsızlığı həzm edə bilmirdi. Görəsən, elə bir şəxs varmı ki, haqsızlığı həzm etsin?! Hüseyn Cavid haqqı dediyi üçün sürgün olundu. Yüzlərlə insan haqsızlığın qurbanları olub. O vaxt bakılıların ən böyük etiraz silahı meyxana idi. Sözlərini, etirazlarını meyxananın dili ilə çatdırırdılar.

- Toylar kraliçası...

- (sözümü kəsir) ANS telekanalında yayımlanan "Toylar kraliçası" layihəsinin ilk qalibi, ilk kraliça mən olmuşam...


- Amma əksər fanatlarınız sizi Oqtay Kamillə meyxana deyişmənizdən sonra tanıdı...

- Düzdür. Oqtayla deyişməyimdən sonra tanıyanlar çox oldu. "Toylar kraliçası" yarışmasında isə çox pul itirdim.

- Nə qədər?

- 30 min manat. Kim deyirsə ki, yarışmada məni xalq seçib, o, yalan deyir. Buna inanmayın. Xalq sevir, seçir, bəyənir. Amma xalqın pulu varmı ki, səni seçə? Düzdür, dinləyicilərin də xidməti olur. Amma məsələ dediyim kimidir, inanmayın.

- Özünüzü siyasətdə görürsünüzmü?

- Xeyr.

- Niyə?

- Mən müğənniyəm. Siyasətçi deyiləm.

- Amma bəzi həmkarlarınız özlərini siyasətdə görür. Məsələn, Faiq Ağayev...

- Faiq Ağeyevə böyük hörmətim var. O, danışanda sanki bir natiq danışır. Faiq çox savadlıdır. Faiq Ağayevdən yaxşı siyasətçi olar. Mən isə özümü siyasətdə görmürəm.


- Xalq artisti Flora Kərimova müsahibəsində belə ifadə işlədib: "Faiq Ağayev geydir. O, çox böyük qələt eləyər ürəyindən keçirər ki, millətin təmsilçisi olsun..."

- Flora xanıma da böyük hörmətim var. Amma bu yaxşı hal deyil, kiməsə ixtiyar verilmir ki, kiminsə şəxsiyyətinə toxunsun. Faiq Ağev də, Flora Kərimova da böyük sənətkarlardır.

-
Samirə xanım...

- (sözümü kəsir) Çox qala bilmirəm. Vaxtım azdır. Toy yiyələri məndən mahnı gözləyir. Sağ olun...

Meyxanaçı və müğənni xanımla söhbətimiz beləcə yarımçıq qaldı. O, mahnılarını oxuyub, meyxanalarını deməyə, mən isə bu söhbəti sizə çatdırmağa tələsdim.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla